Güldane Cemaleddin – Şiirimizin Türkçesi veya Türkçemizin Şiiri
ŞEİRİMİZİN TÜRKCƏSİ VƏ YAXUD TÜRKCƏMİZİN ŞEİRİ…
ŞİİRİMİZİN TÜRKCESİ VEYA TÜRKÇEMİZİN ŞİİRİ…
Ayrılıq var, əlini hər şeydən üzür, ümidini qırır… Bilirsən və əmin olursan ki, bir daha arzuladığın, gözlədiyin baş verməyəcək. Ayrılıq da var ömrü uzandıqca, səni daha çox o səmtə aparır, inandırır, ümidləndrir.
Uzun zaman biz Türkiyəmizdən ayrı qaldıq. Sədlər, sərhədlər yalnız fiziki dünya üçündür, mənəvi və fikri dünya isə nə sədd tanıyır, nə sərhədd.Ruh azaddır. Azad olan ruhsa bütün məkanlarda və zamanlarda sərbəst dolaşır.
Ayrıldıq.Ayrılan yollar oldu,çəkilən sərhədlər. Xəyalımız o məmləkətlərə çəkdi bizi, qanadlanıb dolaşdıq o sahillərdə.70 illik bir zaman kəsimində nə o sevgi bizi tərk etdi, nə də biz o sevgini.Nənələrimizin, babalarımızın hafizəsində özünə kök salmış həsrət türkülərinin vüsal məqamına ümid edərək o günü inamla gözlədik.
O, vaxtlar sovet şairi kimi qələmə verilən başından min boran, min tüfan keçən , Türk adının, Türk kəlməsinin çəkilməsinin yasaq olduğu bir vaxtda:
Sən mənim əsirliyim və hürriyyətimsən,
Bürkülü bir yay gecəsi kimi yanan ətimsən,
Sən mənim məmləkətimsən.
Sən ala gözləində yaşıl titrəmələr,
Sən böyük, gözəl və müzəffər
Və qovuşduqca qovuşulmaz həsrətimsən.
Məmləkətim, məmləkətim, məmləkətim!
***
Nə səndə tikilən papağım qaldı,
Nə yollarını ölçmüş ayaqqabım.
Şilə malı-son pencəyim,
köhnəldi, düşdü çiynimdən
Sən indi qalmısan ancaq
Saçlarımın ağında,
Ürəyimin infarktında
Alnımın qırışlarındasan, məmləkətim!
Məmləkətim, məmləkətim!
***
Qarşı tərəf məmləkət,
çağırıram Varnadan,
istəyirsənmi?
Məmət! Məmət!
Qaradəniz axır durmadan,
dəli həsrət, dəli həsrət,
oğlum, sənə səslənirəm,
istəyirsənm?
Məmət! Məmət!
deyə könlüylə bu üzdən – Varnadan, Qara dəniz axır durmadan”,- haray çəkib hayqıran, məmləkət həsrətilə buram- buram qovrulan, şərqli ola – ola şimallı kimi dəfn olunan,yad ellərdə can verən Türk dünyasının dev şairi Nazim Hikməti tanıdıq və sevdik.Onun bütün şeirlərindən keçən həsrəti, ağrını, iliklərinin sızıltısını, ruhunun göynərtisini duyduq. Nazim Hikmət türkiyə kimi sətir-sətir, misra- misra ruhumuza hopdu, könlümüzün şeir sultanına çevrildi.
Bakıya gedirəm, ay balam,
Bakı-Əsli, mən-Kərəm.
Bakı gəncliyim demək,
Dost əlinə əmanət etdiyim ürək.
Darıxanda Bakıya üz tutdu.Çünki orda onu elə Nazim Hikmət kimi qəbul edən və sevən, eyni dildə danışıb, eyni dildə düşünən Rəsul Rza, Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Rəfili kimi dostları vardı.Rəsul Rzanı çox sevirdi və:Rəsul Rza Azərbaycan poeziyasının novatorlarından biri, özünəməxsus orjinal şair, xalq şeirinin, klassik poeziyanın böyük pərəstişkarıdır.” “Ola bilər ki, onun şeirləri sizin xoşunuza ya gəlsin, ya da gəlməsin – bu, sizin öz işinizdir – ancaq siz onu başqa bir şairlə qarışıq sala bilməzsiniz.Məncə, şair üçün onun şeirlərinin az və ya çox dərəcədə xoşa gəlməsindən daha çox, onların orjinallığı və özünəməxsusluğu əsasdır!” “Rəsul Rza müasir Azərbaycan şeirinə bugünkü şəhərin danışıq dilini, bu dilin harmoniyasını gətirib.Danışıq dili deyəndə mən Bakı və Gəncə şivəsini nəzərdə tutmuram. Mən azərbaycanlı vətəndaşın dilini nəzərdə tuturam.Bu sahədə Rəsul Rza Sabir ənənələrini davam etdirir.Məgər öz dövrünün poeziyasına Azərbaycan şəhərlisinin dilini gətirmək Sabirin xidməti deyilmi?” “Axtaran şair xöşbəxtdir. Rəsul Rza həyatın və bizim özümüzün səadətimizi kəşf edir”,- yazırdı.
Sonra türk şeirinə içdən bələd olduqca gizli- gizli Cemal Sürəyya kimi: “Uzaqdan seviyorum dedik”,Orxan Vəli Qanıq kimi: “Məni gözəl xatırla”, Nəcib Fazil Qısakürək kimi: “Beklənən”,- deyib səbrlə gözlədik,Yəhya Kəmalın “Səssiz gəmi”si kimi ruhumuz ayrılığın uzaq sahillərdə dolaşdı, Ahmet Arif kimi “Həsrətdən pranqalar əskitdik”.
O gün – beklənən gün gəldi.Əllərimiz həsrətlilərimizin əllərinə, dillərimiz dillərinə, gözlərimiz gözlərinə toxunduqca bu sevda daha da alovlandı, alovlandıqca da ruhlarımız qovuşdu.Bir olduq, can olduq, ayrı- ayrı diyarlardan toplanıbVətən olduq…
Amma ayrılıq zamanında və ayrılıq məqamında da biz hamımız həm də Füzuli,Nizami, Nəsimi, Şəms Təbrizi, Mövlanə dilində danışdıq dədə- babalarımız kimi… “Dədəm Qorqud” ruhunu canımızda daşıdıq.Bu dil ruhumuzun, var olan varlığımızın diliydi, diriliyimizin diliydi.Türkcəmizin şeir diliydi, şeirimizin türkcəsiydi. Min illərdi, bəlkə də milyon illərdi biz bu dildə danışırdıq…
Bu gün artıq gendən gələn türkcəmizin şəhdi- şirəsini şeirlərinə hopduran, ayrılığı, nisgili yenərək, birlik, bərabərliyi tərənnüm edən, dilimizin minilliklərə söykənən incəliklərinin göstəricisi olan şairlərimiz öz poetik təfəkkürü, dünyagörüşü və intellekti, ağlı və məntiqi ilə dünya bədii düşüncəsinə meydan oxumaqdadırlar.
Əziz dostlar! Bu gündən “Başkent haber” qəzetində Türkiyəmizin qələm sahibləri ilə yanaşı Azərbaycanımızın da ünlü qələm adamlarının yazısını oxumaq umkanı bulacaqsınız.Bu imkanı bizə yaratdıqları üçün “Başkent haber” qəzetinin təsisçisi, redaktoru və dəyərli yazıçımız, şairimiz Hülya pekçioğluna təşəkkürümüzü bildiririk.İnşallah “Başkent haber”in Azərbaycan ziyalılarının da masaüstü qəzeti olacağından əminik.
Gülnarə CƏMALƏDDİN
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri
